09:00 - 18:00

İş Vaxtlarımız Bazar ert. - Cümə

+99450 605 1141

İndi zəng edin

Instagram

Linkedin

Search
 

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

High moral and ethics standards.
Legal Azerbaijan > Hüquqi məsləhət  > Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

Vergi Məcəlləsinə Son Dəyişikliklər 2022

 

2021-ci ilin sonunda Azərbaycan Respublikasının Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketi təsdiq edildi.

Diqqət çəkən əsas dəyişiklik və yeniliklər güzəştli vergi tutulan ölkələrə edilən ödənişlər zamanı Azərbaycan mənbəyindən əldə edilmiş hesab olunmayan gəlirlər, nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi, faydalı qazıntı və neft qaz sahəsi üzrə müəyyən güzəşt və tənzimləmələri, aksiz hesablanan dövriyyənin müəyyənləşdirilməsi, habelə səyyar vergi yoxlamasını əhatə edir.

Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi

 

2022-ci il 1 yanvar tarixindən Vergi Məcəlləsinə nəzarət olunan xarici müəssisə anlayışı və müvafiq olaraq yeni 14-2. Nəzarət olunan xarici müəssisə və onun vergiyə cəlb edilməsi maddəsi əlavə edilmişdir.

Nəzarət olunan xarici müəssisə anlayışı müəyyən edir ki, vergitutma məqsədləri üçün Azərbaycan Respublikasının rezidenti hesab olunmayan, güzəştli vergi tutulan ölkələrdə, yəni vergi dərəcəsi bu Məcəllədə müəyyən edilmiş dərəcədən 2 dəfə və ya daha çox aşağı olan və (və ya) maliyyə məlumatını, yaxud əmlakın faktiki sahibi və ya gəlir (mənfəət) götürən barədə sirri qorumaq imkanı verilmiş şirkətlər haqqında məlumatın məxfiliyinə dair qanunun mövcud olduğu ölkədə (ərazilərdə) qeydiyyatdan keçən müəssisənin mənfəəti aşağıdakı hallarda Azərbaycan Respublikasında vergiyə cəlb olunur:

  1. Azərbaycan Respublikasının rezidenti hesab edilən şəxs özü və ya qarşılıqlı surətdə asılı olduğu rezident və ya qeyri-rezident şəxslə birlikdə birbaşa və ya dolayısilə xarici müəssisədə 50 faizdən çox səsvermə hüququna və ya onun nizamnamə kapitalının 50 faizindən çoxuna və ya həmin xarici müəssisənin mənfəətinin 50 faizindən çox hissəsini əldə etmək hüququna sahibdirsə;
  2. nəzarət olunan xarici müəssisənin mənfəətindən faktiki ödənilən vergi, bu Məcəlləyə uyğun olaraq həmin mənfəətdən ödənilməli mənfəət vergisindən 2 dəfə və ya daha çox aşağı olarsa;
  3. xarici müəssisənin illik gəlirlərinin 30 faizindən çox olan hissəsi aşağıdakı gəlirlərdən ibarət olarsa:
  1. maliyyə aktivlərindən əldə edilən faiz;
  2. əqli mülkiyyətdən əldə edilən royalti;
  3. səhmlərin və iştirak paylarının satışından əldə edilən gəlir;
  4. maliyyə lizinqindən əldə edilən gəlirlər;
  5. sığorta, bankçılıq və digər maliyyə əməliyyatlarından əldə edilən gəlirlər;
  6. heç bir iqtisadi dəyər yaratmayan mal və xidmətlərdən gəlir əldə edən müəssisələr üzrə gəlir.

Nəzarət olunan xarici müəssisə haqqında arayışın rezident fiziki və hüquqi şəxslər tərəfindən vergi orqanına təqdim edilmə forması və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Bu maddəyə uyğun olaraq  nəzarət olunan xarici müəssisənin mənfəəti Azərbaycan Respublikasında vergiyə cəlb edilərkən eyni vergitutma obyektindən iki dəfə vergilərin hesablanmasına yol verilmir və həmin mənfəətdən ödənilən (tutulan) vergi məbləği nəzərə alınır.

Yeni əlavəyə əsasən nəzarət olunan xarici müəssisədən əldə edilən aşağıdakı gəlirlər nəzarət olunan xarici müəssisənin vergitutulan gəlirlərinə aid edilmir:

  • nəzarət olunan xarici müəssisədən əldə edilən dividendlər;
  • rezident müəssisə  nəzarət olunan xarici müəssisənin törəmə müəssisəsi olduqda, nəzarət olunan xarici müəssisənin ümumiləşdirilmiş (konsolidə edilmiş) mənfəətindən rezident müəssisəyə aid olan vergiyə cəlb olunan mənfəət;
  • nəzarət olunan xarici müəssisənin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi vasitəsilə əldə edilən, habelə Azərbaycan Respublikasında təsis etdiyi müəssisədən əldə olunan və Azərbaycan Respublikasında vergiyə cəlb olunmuş gəlirlər.

 

Vergi Yoxlaması

Yeni dəyişikliklərə əsasən, vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir.

Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdirsə, bu zaman təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz.

Kameral Vergi Yoxlaması

Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi hesabatı məqsədi daşıyan vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın  təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu cür yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir və vergi orqanına məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində, dəqiqləşdirilmiş hesabatın isə 10 iş günü müddətində təqdim edilməsi barədə göndərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

Səyyar Vergi Yoxlaması

Aşağıdakı hallarda Vergi Məcəlləsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətlərindən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında səyyar vergi yoxlaması keçirilir:

  • vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə;
  • vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə;
  • vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə.

Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə, vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz.

 

Aksiz Hesablanan Dövriyyənin Dəqiqləşdirilməsi

 

Bununla bağlı, Vergi Məcəlləsinə yeni 186-1-ci maddə əlavə edilmişdir. Bu maddə aşağıdakıları müəyyən edir:

  1. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara buraxılmasına görə vergi hesablanmışdırsa, həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi və ya digər  səbəblərdən geri qaytarılması zamanı hesablanmış aksiz malların qaytarıldığı hesabat dövründə azaldılır.
  2. Aksizli malların istehsalçısı tərəfindən malların istehsal binasının hüdudlarından kənara özünə məxsus obyektlərə buraxılmasından sonra həmin malların xarab olması, yaxud istifadə müddətinin bitməsi səbəbindən geri qaytarılması zamanı vergi ödəyicisi həmin malların aktlaşdırılması və hesablanmış verginin azaldılması üçün vergi orqanına müraciət edir. Müraciət edilmə tarixindən 5 iş günü müddətində vergi orqanının məsul şəxslərinin iştirakı ilə həmin mallar aktlaşdırılır.
  3. Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullara görə aksizin azaldılması müvafiq aktın tərtib edildiyi hesabat dövründə həyata keçirilir və vergi hesabatı təqdim edilərkən tərtib edilən akt vergi orqanına təqdim edilir.  Xarab olmuş, yaxud istifadə müddəti bitmiş məhsullar məhv edildikdə, həmin məhsulların istehsalı zamanı əvəzləşdirilmiş aksizin büdcəyə  hesablanması həyata keçirilir.

Elektron Əmtəə-Nəqliyyat Qaiməsi Və Yük Avtonəqliyyatı Üçün Elektron Yol Vərəqi

Bundan sonra “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əmtəə təyinatlı yüklərin daşınmasına görə elektron əmtəə-nəqliyyat qaiməsi və yük avtonəqliyyatı üçün elektron yol vərəqi tərtib ediləcək. Elektron əmtəə-nəqliyyat qaiməsinin və yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi, uçotu və istifadəsi qaydası isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq ediləcəkdir.

 

Vergi Güzəştləri

Bu güzəşt neft və qaz istisna olmaqla, digər faydalı qazıntılara görə vergi ödəyicilərini əhatə edir. Belə ki, vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla azaldılır.

Bu məqsədlə vergi ödəyicisi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq torpaq sahəsi və həmin sahədən çıxarılmış faydalı qazıntılar barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatı elektron qaydada vergi orqanına təqdim edir və bu maddə ilə müəyyən edilmiş qaydada verginin azaldılması müvafiq məlumat formasının təqdim edildiyi ayda həyata keçirilir.

Güzəştli vergi tutulan ölkələr üzrə Azərbaycan mənbəyindən əldə edilən gəlirlərin məhdudlaşdırılması

Güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən onların digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə olan bank hesablarına rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri, habelə vergi orqanında uçotda olmayan rezident fiziki şəxslər tərəfindən birbaşa və ya dolayısilə edilən ödənişlər üzrə aşağıdakılar Azərbaycan mənbəyindən gəlirlərə aid edilmir:

1. alınmış borclar üzrə borcun əsas məbləği qaytarıldıqda (faizlər istisna olmaqla);

2. rezident banklar tərəfindən açılan müxbir hesablara ödənişlər aparıldıqda;

3. Həmin bu əməliyyatlara uyğun olaraq ödənilən vəsaitlər ödəniş tarixindən hesaba qaytarıldığı gün daxil olmaqla, 1 il müddətində güzəştli vergi tutulan ölkədəki hesabdan ödəyən şəxsin bank hesabına qaytarıldıqda;

4. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən elektron ticarət qaydasında xidmətlər alındıqda;

5. vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə şəxsi istehlak məqsədilə mallar (işlər, xidmətlər), o cümlədən daşınar və ya daşınmaz əmlakların alışı ilə bağlı Azərbaycan Respublikasının hüdudlarından kənarda güzəştli vergi tutulan ölkələrdə və ya ərazilərdə ödənişlər edildikdə;

6. borc qiymətli kağızlarının əldə edilməsi ilə bağlı ödənişlər edildikdə;

7. Azərbaycan Respublikasına qoyulmuş investisiyalar və Azərbaycan Respublikasındakı maliyyə institutlarına yerləşdirilmiş depozitlər üzrə faiz və dividend gəlirləri ödənildikdə;

8. güzəştli vergi tutulan ölkələrin və ya ərazilərin rezidentlərinin əməkhaqqı və pensiyaları ödənildikdə;

9. səlahiyyətli dövlət orqanlarına rüsumlar və digər ödənişlər ödənildikdə, icazələrin və sertifikatların alınması ilə bağlı ödənişlər edildikdə

Vergi Ödəyiciləri Üçün Yeni Tələblər

Bundan sonra neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formada aşağıdakı məlumatlar malların idxal olunacağı tarixədək qeydiyyatda olduğu vergi orqanına verilməlidir:

  1. mülkiyyət, icarə və ya digər əşya hüquqları əsasında istifadə edilən və (və ya) vergi orqanlarında təsərrüfat subyekti (obyekti) kimi uçota alınmış malların saxlanılacağı (boşaldılacağı) yer barədə;
  2. mallar digər şəxslərə məxsus yerlərdə məsuliyyətli mühafizəyə və ya saxlanca verildiyi halda tərəflər arasında bağlanmış müqavilə və malların saxlanma yeri barədə;
  3. mallar sifariş əsasında gətirildiyi halda sifariş verən şəxslər barədə (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və  FİN-i) və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə

Gəlir və xərclərin uçotunun aparılması qaydası

Artıq yeni edilmiş dəyişikliklərə əsasən, mikro sahibkarlıq subyektləri öz seçimlərindən asılı olaraq, gəlirlərin və xərclərin uçotunu kassa metodu və ya hesablama metodu ilə, kiçik, orta və iri sahibkarlıq subyektləri isə yalnız hesablama metodu ilə aparmalıdırlar.

Hesablama metodu orta və iri sahibkarlıq subyektlərinə 2022-ci il yanvarın 1-dən, kiçik sahibkarlıq subyektlərinə isə 2023-cü il yanvarın 1-dən etibarən tətbiq edilir.

ƏDV Ödəyicilərinin Ödəniş Tapşırıqları Üzrə Tələblər

Əlavəyə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri təqdim etdikləri bəyannamələrlə eyni gündə vergi ili üzrə kreditor və debitor borcları barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumatı elektron qaydada vergi orqanına təqdim etməli olacaqlar.

Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilməlidir:

1. Elektron qaimə-faktura verilməli əməliyyatlar üzrə –  elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə – tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;

2. xarici ticarət fəaliyyəti üzrə –yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;

3. borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;

4. avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi

Vergi Öhdəlikləri Üçün Möhlət

Vergi Məcəlləsinin 85.9-cu maddəsinin yeni mətninə əsasən vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması üçün vergi ödəyicisi tərəfindən vergi növü (növləri) üzrə vergi orqanına yazılı müraciət təqdim edilməlidir. Bu tələb aşağıdakı borc məbləğlərində tətbiq edilir:

  1. Mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 2 000 manatdan 20 000 manatadək,
  2. Orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20 000 min manatdan 100 000 manatadək
  3. İri sahibkarlıq subyektinin borcu 100 000 manatdan 300 000 manatadək olduqda,

Vergi ödəyicisi tərəfindən müraciətə aşağıda göstərilən məlumatları əks etdirən sənədlər əlavə edilir:

  1. Vergi öhdəliklərinin daha gec müddətə yerinə yetirilməsinə icazə verilən hər bir hala münasibətdə müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların VÖEN-i göstərilməklə adı və borcun məbləği, habelə son bir il ərzində bank hesabları üzrə aparılmış əməliyyatlar barədə arayışlar;
  2. Təbii fəlakət və digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəyməsinə münasibətdə hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışları

Bununla yanaşı vergi öhdəliklərini daha gec müddətdə icra etmək üçün 2 yeni hal müəyyən edilmişdir:

  • 85.6.3. Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə; (bu halla əlaqədar möhlət üçün müraciət edildikdə, borcun məbləğindən asılı olmayaraq, yalnız bu Məcəllənin 85.9.1-ci maddəsində nəzərdə tutulan sənədlər əlavə olunur)
  • 85.6.4. vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildikdə

Möhlət Zamanı Girov və Zamin Üçün Tələblər

Vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq yeni redaksiya olunan 85.9-cu maddədə müəyyən edilmiş məbləğlərin yuxarı həddindən çox olduqda vergi ödəyiciləri tərəfindən müraciətə 85.9-cu maddədə göstərilən sənədlərlə yanaşı, aşağıdakı sənədlərdən hər hansı biri əlavə edilir:

  1. bank zəmanəti;
  2. zaminlik müqaviləsi. Həmin müqaviləyə əsasən zamin duran şəxs ən azı bir il müddətinə vergi orqanında qeydiyyata alınmış, dövlət büdcəsinə borcu olmayan, riskli vergi ödəyicisi olmayan şəxs olmalıdır və həmin şəxsin müraciət edən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirmək imkanına malik olması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada yüklü edilməmiş aktivləri barədə məlumat vergi orqanına təqdim edilməlidir;
  3. girov müqaviləsi. Müqavilədə qanunla nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təminatı kimi girov qoyulacaq  əmlak barədə zəruri məlumatlar qeyd edilməlidir. Girov qoyulacaq əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Lakin, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış təqdim edildikdə yuxarıda qeyd olunan əlavə sənədlər tələb olunmur.

Əlavə olaraq qeyd edilir ki, girov müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər isə vergi ödəyicisi tərəfindən ödənilir;

  1. vergi ödəyicisinin mülkiyyətində olan və satış üçün yararlı daşınar və daşınmaz əmlakının siyahıya alınmasına dair yazılı razılıq. Razılıq sənədində həmin əmlak barədə zəruri məlumatlar qeyd edilməli, əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır.

Vergi ödəyicisinin müraciəti təmin edildiyi halda, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində razılıq sənədində qeyd edilən əmlaklar vergi ödəyicisinin istifadə hüququ saxlanılmaqla vergi orqanı tərəfindən siyahıya alınır. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadıldığı dövr ərzində həmin əmlakların hərrac vasitəsilə satışı ilə bağlı vergi orqanı tərəfindən məhkəməyə müraciət edilmir və vergi ödəyicisi tərəfindən həmin əmlakların təqdim edilməsi vergi orqanının razılığı ilə həyata keçirilir;

 

Aşağıdakı hallarda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıla bilməz

  • vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin pozulması ilə bağlı cinayət işi qaldırıldıqda;
  • vergi ödəyicisi riskli vergi ödəyicisi olduqda;
  • vergi öhdəliyinin məbləği vergi ödəyicisi tərəfindən məhkəmə və ya inzibati qaydada mübahisələndirildikdə;
  • vergi öhdəliyinin məbləği sahibkarlıq subyektlərinin kateqoriyası üzrə müvafiq olaraq aşağıda göstərilən hədlərdən az olduqda:

–           Mikro və kiçik sahibkarlıq subyektləri üçün borc 2 000 manatdan az olduqda;

–           Orta sahibkarlıq subyekti olan vergi ödəyiciləri üçün borc 20 000 manatdan az olduqda;

–           İri sahibkarlıq subyekti üçün borc 100 000 manatdan az olduqda.

  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş̧ dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş̧ sifarişçinin borclu olduğunu təsdiq edən arayış̧ təqdim edildiyi və vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildiyi hallarda vergi ödəyicisinin vergi orqanında uçotda olduğu müddət 3 ildən az olduqda.

Vergi ödəyicisi tərəfindən möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 faizi ödənildiyi halda vergi ödəyicisinin müraciəti əsasında borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi 1 ildən, cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi isə 2 ildən çox olmayan müddətə yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Vergi orqanının qərarı ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadıldığı halda həmin borca müraciət edilmə tarixindən və müddətin uzadıldığı dövr ərzində faizlər hesablanmır.

Vergi orqanının qərarı ilə vergi borcunun ödənilməsinə möhlət verilən dövr ərzində vergi ödəyicisinin yeni vergi borcu yarandığı halda həmin vergi borcu Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada dövlət büdcəsinə ödənilir.”;

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müraciətin və digər sənədlərin daxil olduğu tarixdən 30 gün müddətində vergi ödəyicisinin müraciətinə baxır və vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmasına imkan verməyən hallar istisna olmaqla, təbii fəlakət və təhlükə potensiallı obyektlərdə baş verən qəzalar və ya digər qarşısı alınmaz qüvvə nəticəsində vergi ödəyicisinə zərər dəydikdə (bu halda vergi ödəyicisi hadisənin baş verməsi barədə və onun nəticəsində dəymiş zərərin məbləği barədə müvafiq dövlət orqanlarının arayışlarını təqdim etməlidir), vergini vergi borcunu birdəfəyə ödədiyi təqdirdə vergi ödəyicisinin iflasa uğramaq təhlükəsi olduqda (bu halda vergi ödəyicisi müraciət edilmə tarixinə vergi ödəyicisinin kassasında, milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı, debitorların və kreditorların adı, VÖEN göstərilməklə debitor və kreditor borcları barədə arayışları təqdim etməlidir), “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sifarişlərinin yerinə yetirilməsi ilə əlaqədar olaraq vergi ödəyicisi tərəfindən yerinə yetirilmiş̧ dövlət sifarişi üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş sifarişçinin borclu olduğunu təsdiq edən arayış̧ təqdim edildikdə, vergi ödəyicisi tərəfindən yalnız mövsümi xarakterli malların təqdim edilməsi, işlər görülməsi və ya xidmətlər göstərilməsi həyata keçirildiyi hallarda vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması və ya vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edilməsi barədə qərar qəbul edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərarında müddətin uzadılmasının səbəbi, vergi üzrə borcun məbləği, ödənilməsi müddəti uzadılan verginin növü (növləri), ödənilmənin müddəti və qaydası, habelə girov, bank zəmanəti, vergi ödəyicisinin mülkiyyətində olan siyahıya alınmış daşınar və daşınmaz əmlaklar və zamin haqqında qeydlər göstərilməlidir;

Vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması haqqında qərar bu qərarda müəyyən edilmiş müddətdən tarixdən qüvvəyə minir. Lakin Vergi orqanının qərarı əsasında vergi öhdəliyinin yerinə yetirilməsinin uzadıldığı müddət vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik müddətə daxil edilmir. Yəni vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

 

Azərbaycan Respublikasının ərazisində ezamiyyələr üzrə ezamiyyə xərcləri müvafiq təsdiqedici sənədlər əsasında (gündəlik xərclər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyənləşdirdiyi norma daxilində gəlirdən çıxılan xərclərə aid edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi gəlirdən çıxılır.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələgələn itkilər, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr vergitutma məqsədləri üçün gəlirdən çıxılır.

Transfer Qiymətinin tətbiqi üzrə əlavələr

Vergi Məcəlləsinə edilmiş yeni dəyişiklərə əsasən, artıq Azərbaycan Respublikasının rezidenti ilə onun başqa dövlətlərdə yerləşən nümayəndəliyi, filialı və digər bölməsi arasında aparılan əməliyyatlardan da vergilər transfer qiyməti əsas götürülməklə hesablana bilər.

Vergi Məcəlləsinin əvvəlki mətninə əsasən, aşağıdakı hallarda aparılan əməliyyatlarda heç bir şərt tətbiq olunmadan transfer qiyməti tətbiq edilir:

  • Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər, habelə həmin rezidentin başqa dövlətlərdə (ərazilərdə) yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında;
  • qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;
  • Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında;

Lakin, yeni düzəlişlərdən sonra, yuxarıda qeyd olunanlardan fərqli digər hallarda Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə qeyri-rezident şəxslər arasında vergilər transfer qiyməti əsas götürülməklə hesablanır o halda ki, aşağıdakı şərtlər yerinə yetirilmiş olsun:

  • Əgər şəxslər beynəlxalq əmtəə birjalarında ticarət olunan məhsullar üzrə əməliyyat aparmışdırlarsa və (və ya) ;
  • Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin vergi ili ərzində ümumi gəlirləri 30 milyon manatdan çox və hər bir qeyri-rezident şəxslə apardığı əməliyyatların həcminin ümumi gəlirlərdə (xərclərdə) xüsusi çəkisi 30 faizdən artıqdırsa

 

Daimi nümayəndəlik hesab olunan fəaliyyətlərin genişləndirilməsi

Yeni dəyişikliklərə əsasən, montaj obyektləri və bu cür obyektlərlə bağlı nəzarət fəaliyyəti də daimi nümayəndəlik hesab olunur. Həmçinin, qeyri-rezident müəssisə və ya qeyri rezident fiziki şəxs üçün müştəri bazasının toplanması və müştərilərlə işin təşkilini həyata keçirən şəxslər də daimi nümayəndəlik hesab olunur.

Əlavə olaraq, tikinti və təmir meydançaları, quraşdırma, montaj və ya yığma obyektləri, həmçinin bu cür obyektlərlə bağlı nəzarət fəaliyyətini baş podratçı kimi qeyri-rezident şəxs həyata keçirdiyi halda, onun bu fəaliyyəti həyata keçirmək üçün cəlb etdiyi və qarşılıqlı surətdə asılı olduğu və (və ya) fəaliyyətinə nəzarəti həyata keçirdiyi digər subpodratçı şəxslərin bu işlər üçün göstərdiyi fəaliyyətin müddəti baş podratçının fəaliyyət müddətinə əlavə edilir. Bu maddənin müddəaları subpodratçı şəxslərin fəaliyyət müddəti 30 gündən artıq olduğu halda tətbiq edilir;

Qeyri-rezident şəxs və onunla qarşılıqlı surətdə asılı olan şəxslər tərəfindən Azərbaycan Respublikasında aşağıda sadalanan fəaliyyət növlərinin hər hansı birinin birgə səkildə həyata keçirilməsi sahibkarlıq məqsədləri daşıdığı və ya bu fəaliyyət növlərinin hər hansı biri üzrə əlaqəli səkildə həyata keçirilməsinin nəticələri hazırlıq və ya yardımçı xarakter daşımadığı və (və ya) belə şəxslər tərəfindən həyata keçirilən fəaliyyətlər onların vahid biznes prosesinin tərkib hissəsi olaraq bir birinə münasibətdə qarşılıqlı tamamlanma funksiyasını daşıdığı halda həmin şəxslərin fəaliyyətinə daimi nümayəndəlik kimi baxılır:

  1. qeyri-rezident müəssisəsinin özünə məxsus malların və məmulatların müstəsna olaraq saxlanması və ya nümayiş etdirilməsi;
  2. qeyri-rezident müəssisəsinin özünə məxsus olan malların və məmulatların ehtiyatlarının digər şəxs tərəfindən emal və sonradan Azərbaycan Respublikasından ixrac edilməsi məqsədi ilə saxlanması;
  3. qeyri-rezident müəssisəsinin yalnız özü üçün malların alınması və ya məlumatların toplanması;
  4. qeyri-rezident müəssisəsinin özü üçün hər hansı digər hazırlıq və ya yardımçı xarakterli fəaliyyət göstərməsi;
  5. 1-4-cü bəndlərdə göstərilmiş hər hansı fəaliyyət növlərinin bir yerdə həyata keçirilməsi

Sanksiyalar

Vergi Məcəlləsinə əsasən Vergi orqanların vergi hesabatını (auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda auditor rəyi əlavə edilməklə), həmçinin transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda və Vergi Məcəlləsində nəzərdə tutulmuş  hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formada mənfəət (gəlir) vergisi bəyannaməsi üçün nəzərdə tutulan arayışı və nəzarət olunan xarici müəssisə haqqında arayışı həmin müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İdxal edilmiş mallar barədə Vergi Məcəlləsində göstərilən neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən formanı təqdim etməyən və ya təhrif olunmuş formada təqdim edən vergi ödəyicisinə müvafiq olaraq idxal edilmiş malların hesab-faktura (invoys) dəyərinin və ya onun təhrif olunmaqla təqdim edilmiş hissəsinin mikro sahibkarlıq subyektlərinə münasibətdə 2 faizi miqdarında, digər şəxslərə münasibətdə 5 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış̧ vergi ödəyicilərinin ƏDV bəyannaməsi ilə eyni gündə kreditor və debitor borclar barədə məlumat formasının təqdim etməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

01 yanvar 2022-ci il tarixindən etibarən banklara verilmiş ödəniş tapşırıqlarının təyinat hissəsində göstərilməli olan məlumatları ödəniş tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

Bir qayda olaraq Vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin olduğu yerdən kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. Qalan hallarda isə vergi ödəyicisinin filialı, nümayəndəliyi və ya digər təsərrüfat subyekti (obyekti) olduqda, vergi ödəyicisi həm özünün olduğu yer üzrə, həm də filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə vergi uçotuna alınır. Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmamasına və (və ya) təsərrüfat subyektinin (obyektinin) sahəsi barədə təhrif olunmuş məlumatın verilməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;

Aksizli malların (neft məhsulları istisna olmaqla) təsərrüfatdaxili yerdəyişməsi barədə elektron qaimə-faktura tərtib edilmədən malların bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsinə görə vergi ödəyicisinə elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən hər bir belə əməliyyat üçün 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

 

Kredit təşkilatlarına və maliyyə institutlarına tətbiq edilən maliyyə sanksiyaları

Sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda, onların vergilərin ödənilməsinə dair ödəmə tapşırıqlarının və vergi orqanının sərəncamlarının icra edilməməsinə görə:

– vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəllədə nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə – vaxtında icra edilməyən ödəmə tapşırıqlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;

– vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə – vergi orqanının icra edilməyən sərəncamlarında göstərilən məbləğlərin və ya növbəliyi pozulmaqla aparılan əməliyyatların məbləğlərinin 50 faizi;

– Vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilərin müəyyən edilmiş müddətdə ödənilməməsi, habelə vergi ödəyicisinin yazılı razılığı olması istisna olmaqla, digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Həmin pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında vergi orqanlarının sərəncamlarının daxil olduğu vaxt icra edilməməsinə görə – vergi orqanının icra edilməyən sərəncamında göstərilən məbləğlərin 50 faizi;

 

– Vergi ödəyicisi tərəfindən onun bank hesabında xarici valyutada olan pul vəsaiti hesaba vergi orqanının sərəncamı daxil olduğu gündən 10 bank günü ərzində konvertasiya edilmədikdə, növbəti iş günü ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnə ilə xarici valyutada olan dondurulmuş pul vəsaiti bank tərəfindən konvertasiya edilməklə sərəncam icra edilir. Vergi Məcəlləsinin bu tələbinin pozulmasına görə – vergi orqanının sərəncamında göstərilən məbləğlərin 50 faizi.

 

Vergi ödəyicisinin vergilərin ödənilməsinə dair tapşırıqlarının vaxtında icra edilməməsinə, vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinin hesabından tutulması haqqında vergi orqanının sərəncamlarının daxil olduğu gündən 3 iş günü müddətində icra edilməməsinə, habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi pozulmaqla icra edilməsinə görə tətbiq edilən maliyyə sanksiyasının məbləği həmin ödəmə tapşırıqlarında və ya vergi orqanının sərəncamlarında göstərilən məbləğin 50 faizindən çox olmamalıdır.

 

Şərhsiz

Şərh Yaz