Tibbi hüquqi xidmətlər

Müasir dövrümüzdə geniş vüsət almış və tənzimlənməsində çətinliklər yaranan problemlərdən biri də tibb və hüququn qarşılıqlı əlaqəsi, tibbi müdaxilələrin hüquqi tənzimi bağlı münasibətlərdir. Dinamik inkişafda olan bu münasibətlərin hüquqi tənzimi olduqca qəliz məsələdir. Belə ki, tibbi müdaxilələr ilə bağlı münasibətləri tənzimləyən hüquq normaları sisteminin – tibb hüququnun, dövlətlərin hüquq sistemində müstəqil hüquq sahəsi olaraq qəbul edilməsi mübahisəlidir. Çünki hüquq nəzəriyyəsində hüquq sahəsinin müstəqilliyi meyarları olaraq qəbul edilən – predmet, metod və prinsiplərə malik olmaq əlaməti tibb hüququ üzrə mövcud deyildir. Lakin məsələyə praktiki aspektdn yanaşsaq, tibb sahəsində inkişaf və müasirləşmə, bu sahənin hüquqi tənzimini labüd edir.
Hazırki dövrümüzdə dünyanın bir çox sivil ölkələrinin hüquq sistemində tibb hüququ müstəqil hüquq sahəsi kimi təsbit edilmişdir. Lakin ölkəmizin hüquq sistemində tibb hüququ müstəqil hüquq sahəsi olaraq qəbul edilməmişdir. Tibb hüququnda hüquqi fakt qismində xəstənin icazəsi olmadan edilən tibbi müdaxilə, yalnış tibbi müdaxilə (malpraktis) və tibbi müdaxilə nəticəsində yaranan risq (komplikasion) çıxış edir. Tibb hüququ münasibətləri dairəsinə daxil olan münasibətlər kifayət qədər çoxdur. Bura abort, süni mayalanma, surroqat analıq, orqan transplantasiyası, plastik cərrahiyyə, klonlaşdırma və başqaları ilə bağlı yaranan münasibətlər aid edilə bilər. Qeyd edilən halların əksəriyyəti tibb elminin və tibbi texnologiyanın inkişafı əlaqədar yaranmış yeni münasibətlərdir və bir çoxu ölkəmizdə mövcud deyildir.
Azərbaycanda tibb hüququnun tənzim edilməsi ilə bağlı qanunvericilik sistemi təkmil olmasa da, bu sahədə bir çox normativ hüquqi aktlar qəbul edilmişdir: “Əhalinin sağlamlığının qorunması haqqında Qanun, “Qan və onun kompanentlərinin donorluğu haqqında” Qanun, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında” Qanun. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsində “Qanunsuz abort etmə”, “Xəstəyə kömək göstərməmə”, “İnsan immunçatışmazlığı virusu ilə yoluxdurma”, “Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə”, “Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya” kimi tibb hüquq münasibətləri ilə bağlı cinayət tərkibləri təsbit edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin VI bölməsində “Sağlamlıq əleyhinə olan inzibati xətalar” fəsli müəyyən olunmuşdur. Yaxın gələcəkdə ölkəmizdə tibb hüququ üzrə bir çox normativ hüquqi aktların, o cümlədən “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” Qanunların qəbul edilməsi planlaşdırılır.

Tibb hüququ sahəsində həyata keçirilən hüquqi xidmətlərə aşağıdakıları aid edə bilərik:
1. Həkimlər və digər tibb personallarının qanunsuz müdaxilələrdən qoruması üzrə hüquqi yardımın həyata keçirilməsi,
2. Xəstələrə həyat və sağlamlığına Azərbaycan Respublikasının Cinayət Qanuvericiliyində müəyyənləşdirilmiş zərər vurulduqda, xəstənin hüquqlarının cinayət-hüquqi müdafiəsi,
3. Sağlamlıq əleyhinə inzibati xətalar törədildiyi zaman zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsi,
4. Maddi zərərə uğrayan xəstələrin hüquqların mülki-hüquqi müdafiəsi,
5. Tibb hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi.
"