Vərəsəlik hüququ üzrə xidmətlər

Ölmüş şəxsin əmlak hüquqlarının və vəzifələrinin digər şəxslərə keçməsi vərəsəlik adlanır. Vərəsəlik institutu bəşər tarixinin ən qədim dövrlərindən mövcud olmaqla, mülkiyyət hüququnun davamı, onun hüquqi nəticəsi qismində çıxış etmişdir. Məhz bu baxımdan vərəsəlik hüququ mülkiyyət hüququ ilə sıx bağlıdır və onun qədər xüsusi əhəmiyyətə malikdir. Vərəsəlik hüququ bir çox qədim hüquq sistemlərində, o cümlədən Roma hüququnda mövcud olmuşdur. Roma vərəsəlik hüququnun xarakterik xüsusiyyəti eyni bir şəxsdən sonra vərəsəlik zamanı göstərilən iki əsasın (vəsiyyətnamə və qanunun) birləşdirilməsinin yol verilməzliyi idi, yəni mirasın bir hissəsinin vəsiyyətnamə üçün vərəsəyə keçməsinə, həmin mirasın digər hissəsinin isə qanun üzrə vərəsələrə keçməsinə yol verilmirdi ("Nemo pro parte testatus pro parte intestatus decedere potest" aforizmini də bu mənada başa düşmək lazımdır, yəni “Ölmüş şəxsin əmlakının bir hissəsinə vərəsəlik üzrə, o biri hissəsinə isə qanun üzrə vərəsəlik ola bilməz”). Milli qanunvericiliyimizdə vərəsəlik münasibətlərini tənzim edən başlıca hüquq normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 10-cu bölməsinin 62-ci fəslində təsbit olunmuşdur. Mülki Məcəllədə vərəsəlik institutunun hər iki yaranma əsasını tənzim edən normalar mövcuddur. Vərəsəlik hüququnun mühümlüyü bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir.

Vərəsəlik sahəsində hüquqi xidmətlərə aşağıdakıları aid edə bilərik:
1. Vəsiyyətnamənin tərtib edilməsi,
2. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi üçün məhkəməyə müraciət edilməsi,
3. Mirasın açılması, qəbulu, mirasdan imtina prosesinin hüquqi müşayiəti,
4. Vərəsəlik hüququ üzrə yaranan mübahisələrin məhkəmə qaydasında həlli,
5. Vərəsəlik hüququ üzrə hüquqi konsultasiyaların həyata keçirilməsi.
"