Miqrasiya hüququ üzrə xidmətlər

“Miqrasiya” latın sözü olub (“migratio” – köçetmə), insanların əcnəbi ölkəyə qısa və ya uzunmüddətli köçməsini bildirir. Miqrasiya çox qədim tarixə malik mürəkkəb sosial prosesdir. Bəşər tarixinin bütün dövrlərində mövcud olan miqrasiya prosesi müasir dövrümüzdə yeni xüsusiyyətlər qazanmışdır. Belə ki, beynəlxalq iqtisadi-siyasi münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi, iqtisadi və sosial-mədəni həyatın beynəlmiləlləşdirilməsi, eyni zamanda müharibələrin, milli, irqi, regional münaqişələrin, fövqəladə vəziyyətlərin və təbii fəlakətlərin doğurduğu problemlər miqrasiya edən insan kütlələrinin artmasına səbəb olmuşdur. Belə bir şəraitdə miqrasiya münasibətlərini hüquqi cəhətdən tənzim etməmək absurd məsələdir. Miqrasiya münasibətlərini tənzim edən hüquq sahəsi miqrasiya hüququ adlanır. Miqrasiya siyasəti hər bir dövlətin təhlükəsizlik siyasətinin vacib ünsürlərindəndir. Məhz bu siyasətin düzgün həyata keçirilməsində miqrasiya qanunverciliyinin təkmilləşdirilməsi və miqrasiya sahəsində dövlət siyasətini həyata keçirən orqanların yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Miqrasiya Qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixində qəbul edilmiş Miqrasiya Məcəlləsindən, Azərbaycan Respublikasının Qanunlarından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir. Ölkəmizdə miqrasiya sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2007-ci il tarixində Dövlət Miqrasiya Xidməti yaradılmışdır. Miqrasiya sahəsinin mühümlüyü bu sahədə hüquqi xidmətlərin həyata keçirilməsini labüd edir.

Miqrasiya sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
  1.  Miqrasiya qanunvericiliyi üzrə hüquqi konsultasiyaların keçirilməsi,
  2.  Miqrasiya sahəsi üzrə yaranan mübahisələrin inzibati və ya məhkəmə qaydasında həlli.