İstehlakçı hüquqları üzrə hüquqi xidmətlər

“İstehlakçı” dedikdə, “şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs” başa düşülür. İstehlakçı anlayışı satış məqsədilə deyil, istifadə məqsədilə müəyyən əmtəəni satın alan şəxsləri ehtiva edir. İstehlakçılar kommersiya münasibətlərinin “peşəkar” subyekti deyildirlər, sadəcə şəxsi istehlak məqsədi ilə bu münasibətlərdə iştirak edirlər. Kommersiya münasibətlərinin inkişaf etdiyi müasir dövrümüzdə, istehlakçıların hüquqlarının qorunması xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə başlıca məqsəd istehlakçıların hüquqlarının müdafiəsinə yönələn qanunvericilik sisteminin təkmilləşdirilməsidir. Kommersiya münasibətləri dinamik inkişaf etdiyi üçün, bu sahədə mövcud normalar yeni yaranan münasibətləri lazımi şəkildə tənzim edə bilmir. Məsələn elmi-texnoloji inkişafın nəticəsi olaraq, ticarətin yeni növü – elektron ticarət yaranmışdır və inkişaf etməkdədir, lakin bu münasibətləri tənzim edən hüquq normaları təkmil deyildir. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Qanunvericiliyi, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Qanuna müvafiq qəbul edilmiş digər normativ-hüquqi aktlardan ibarətdir. Ölkəmizdə istehlakçı hüquqlarının müdafiəsi üzrə vahid dövlət siyasətini “Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti” həyata keçirir.

İstehlakçıların hüquqlarının müdafiəsi üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. İstehlakçıların hüquqları barədə onlara hüquqi məsləhətlər verilməsi,
2. İstehlakçılara qüsurlu mal təqdim edildiyi zaman qanunvericiliyə uyğun olaraq həmin malın dəyişdirilməsini, satış qiymətinin azaldılmasını, malın qüsurlarının aradan qaldırılmasını və ya istehlakçının məruz qaldığı zərərin ödənilməsini, istehsalçı və ya satıcıdan tələb etmək,
3. İcraçıların, iş görülməsi və ya xidmət göstərilməsi üzrə vəzifələrini lazımınca yerinə yetirmədikləri halda istehlakçıların hüquqlarının qorunması,
4. İstehlakçıların hüquqlarının pozulması nəticəsində onlara dəyən mənəvi ziyanın ödənilməsi üzrə hüquqi yardım göstərilməsi,
5. İstehlakçıların hüquqları üzrə digər mübahisələrin inzibati və ya məhkəmə qaydasında həlli.
"