İcra hüququ üzrə hüquqi xidmətlər

Məhkəmələrin fəaliyyətinin ədalətli həyata keçirilməsi, təkcə məhkəmə qərarlarının qəbulunun deyil, həmçinin bu qərarların icrasının da hüquqauyğunluğunu ehtiva edir.

Belə ki, məhkəmə qərarlarının icrası səmərəli həyat keçirilmədiyi halda, məhkəmə hakimiyyətinin gücündən danışmaq mümkünsüzdür. Məhz bu səbəbdən icra prosesinin hüquqauyğun həyata keçirilməsi üçün təkmilləşdirilmiş icra qanunvericiliyinin mövcudluğu və tərəflərin hüquqlarının qorunması məqsədi ilə hüquqi xidmətlərin göstərilməsi olduqca əhəmiyyətlidir. Milli icra qanunvericiliyimiz Azərbaycan Respublikasının Konstitusiyasından, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən və digər qanunvericilik aktlarından ibarətdir. Ölkəmizin icra qanunvericiliyinin əsasını “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu təşkil edir. Qeyd edilən qanun milli məhkəmələrin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və iqtisadi mübahisələrə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərarlarının, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariat orqanlarının icra qeydlərinin, məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderlərinin və qanunvericilikdə nəzərdə tutulmuş digər orqanların qərarlarının məcburi icrası qaydalarını və şərtlərini müəyyən edir. Ölkəmizdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

İcra hüququ sahəsində aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:

1. İcra sənədinin və icra məmurunun qərarlarının tərəflərə izah edilməsi,

2. İcraatda tərəflərin nümayəndəsi qismində iştirak etmək,

3. Məcburi icra hərəkələrinin, tərəflərin hüquqlarının qoruması istiqamətində hüquqi müşayiəti,

4. İcra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında məhkəməyə müraciət edilməsi,

5. İcra məmurunun qanunsuz hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilməsi,

6. İcra qanunvericiliyi üzrə hüquqi konsultasiyaların keçirilməsi,

7. Tərəflərin hüquqlarının və qanuni mənafelərinin inzibati və ya məhkəmə qaydasında müdafiəsi.

"