Əmlak hüququ üzrə hüquqi xidmətlər

Mülki hüquq münasibətləri obyekt meyarına görə əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə bölünür. Mülki hüququn əsas özəyini təşkil edən əmlak hüquq münasibətlərinin obyekti maddi nemətlərdir.

Əmlak hüquq münasibətlərinin iki əsas qrupu fərqləndirilir:
1. Əşya hüquq münasibətləri
2. Öhdəlik hüquq münasibətləri

Əşya hüquq münasibətləri, o cür münasibətlərdir ki, onlar əşyanın bu və ya digər şəxsə aid olmasını hüquqi cəhətdən müəyyənləşdirir. Mülkiyyət hüquq münasibətləri, məhdud əşya hüquq münasibətləri bu növə daxildir. Öhdəlik hüquq münasibətləri dedikdə isə, əmlakın bir şəxsdən digərinə keçməsinin hüquqi cəhətdən müəyyənləşdirilməsi başa düşülür. Öhdəlik hüquq münasibətlərinə müqavilə və müqavilədənkənar yaranan münasibətlər daxildir.

Əmlak hüququ üzrə xidmətlər dedikdə, əsasən əşya hüququ üzrə göstərilən hüquqi xidmətlər nəzərdə tutulur. Bunlara aşağıdakıları aid edə bilərik:
1. Əmlakın sənədləşdirilməsi,
2. Daşınar və ya daşınmaz əmlakın qiymətləndirilməsi,
3. Əmlakın alqı-satqısı və ya digər qaydada özgəninkiləşdirilməsi prosesinin hüquqi müşayiəti,
4. Əmlak bölgüsünə dair hüquqi məsləhətlərin verilməsi,
5. Daşınar və daşınmaz əmlaka mülkiyyət və digər hüquqların dövlət qeydiyyatı ilə bağlı məsələlərin həlli,
6. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə çevrilməsinə dair hüquqi məsləhətlərin verilməsi,
7. Əmlak məsələləri ilə bağlı hüquqi konsultasiyaların keçirilməsi,
8. Əmlak mübahisələrin həlli.
"