Dəniz hüququ üzrə hüquqi xidmətlər

Bəşər tarixinin hər bir dövründə dənizlər insanların maraq dairəsində olmuş, ondan müxtəlif məqsədlərlə istifadə olunmuşdur. Belə ki, dənizlər müxtəlif iqtisadi fəaliyyətlərin (gəmiçilik, dəniz ticarəti, balıqçılıq, enerji resurslarından istifadə və.s) başlıca obyekti kimi cəmiyyətin iqtisadi inkişafında əvəzsiz rol oynamışdır. Müasir dövrümüzdə dənizin əhəmiyyəti daha da artmış, o, ayrı-ayrı dövlətlərin mübahisə və əməkdaşlıq predmetinə çevrilmişdir. Dənizdəki iqtisadi fəaliyyət növləri ilə bağlı yaranan münasibətləri tənzim edən hüquq sahəsi dəniz hüququ adlanır. Dəniz hüququ çoxaspektli bir sistemə malik olub, həm dövlətdaxili, həm də beynəlxalq dəniz münasibətlərini (beynəlxalq dəniz hüququ) tənzim edir. Məhz bu səbəbdən dəniz hüququnun başlıca mənbələri uzaq keçmişdən günümüzədək formalaşmış beynəlxalq hüquqi adətlər, beynəlxalq müqavilələrdir. Dənizdəki iqtisadi fəaliyyət növləri ilə bağlı yaranan münasibətlər, məhz beynəlxalq qaydaların ayrı-ayrı dövlətlər tərəfindən mənimsənilməsi əsasında tənzim edilir. Dəniz hüququ üzrə milli qanunvericilik sistemi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsindən, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. Ölkəmizdə dəniz nəqliyyatı sahəsində dövlət siyasətini “Dövlət Dəniz Agentliyi” həyata keçirir.

Dəniz hüququ üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. gəmilərin dövlət qeydiyyatına alınması üzrə hüquqi yardım göstərilməsi,
2. gəmilərin fəaliyyəti ilə bağlı sənədlərin əldə edilməsində yardım göstərilməsi,
3. dəniz nəqliyyatı üzrə hüquqi məsləhətlərin verilməsi,
4. iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz müdaxilələrindən qorunması,
5. dəniz hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi,
6. dəniz hüququ üzrə yaranan mübahisələrin inzibati və ya məhkəmə qaydasında həlli.
"