Cinayət işləri üzrə hüquqi xidmətlər

Cinayət hüququ hüququn müstəqil sahəsi olub, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, cinayət sayılan əməllərin dairəsini, cinayətə görə tətbiq edilən cəzanın növlərini və həddini, cinayət məsuliyyətindən və cəzadan azad etmənin şərtlərini müəyyən edən hüquq normalarının sistemidir. Hüquq sisteminin ən qədim sahələrindən olan cinayət hüququ, cinayətin və onunla əlaqəli hüquqi institutların – cinayət məsuliyyəti və cəzanın nəzəri əsaslarını müəyyən edir. Cinayət hüququ cinayət işləri üzrə ədalət mühakiməsinin maddi-hüquqi əsasını təşkil edir. Milli cinayət qanunvericiliyimizin yeganə mənbəyi Azərbaycan Respublikası Cinayət Məcəlləsidir. Cinayət işləri üzrə ədalət mühakiməsinin prosessual qaydası isə cinayət-prosessual hüquq tərəfindən müəyyən edilir. Milli cinayət-prosessual qanunvericiliyimiz, törədilən cinayətlərin açılması və cinayətkarların ifşa edilib cəzalandırılması məqsədi ilə cinayət prosesinin ümumi qaydalarını müəyyən etməklə yanaşı, proses iştirakçılarının hüquq və vəzifələrini də təsbit edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi təşkil edir. Törədilən cinayət üzrə təyin edilən cəzanın, cinayət hüququnun prinsiplərinə uyğun həyata keçirilməsi cəza-icra hüququnun başlıca vəzifəsidir. Cəzaların icrası prosesini tənzimləyən qaydalar cəza-icra qanunvericiliyi tərəfindən müəyyən edilir. Ölkəmizin cəza-icra qanunvericiliyinin başlıca mənbəyini Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi təşkil edir.

Cinayət işləri üzrə aşağıdakı hüquqi xidmətlər həyata keçirilir:
1. Cinayət işinin başlanması, təhqiqat və ibtidai istintaq mərhələlərində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi,
2. Məhkəmədə təqsirləndirilən şəxsin müdafiəçisi qismində iştirak etmək,
3. Apellyasiya, kassasiya, əlavə kassasiya qaydasında şikayətlərin verilməsi,
4. Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmək,
5. Xüsusi ittiham qaydasında zərərçəkmiş şəxsin məhkəməyə müraciət hüququnun həyata keçirilməsində hüquqi yardım göstərilməsi,
6. Mülki iddianın irəli sürülməsi və onun müdafiəsi,
7. Cinayət prosesi iştirakçılarının qanunvericiliklə müəyyənləşdirilmiş digər hüquqlarının qorunması,
8. Cinayət işləri üzrə hüquqi konsultasiyaların keçirilməsi.
"