Ailə qanunvericiliyi

Sosioloji bir varlıq kimi insanın formalaşmasında kollektiv yaşayış böyük əhəmiyyət kəsb edir. İnsan həyatı boyunca müxtəlif kollektivlərin üzvünə çevrilsə də, onun ilk və təbii kollektivi ailə xüsusilə mühüm rol oynayır. Təsadüfi deyil ki, Amerikalı filosof  Will Durant (1885-1981) ailəni “sivilizasiyanın başlanğıcı” hesab etmişdir. İnsan həyatında ailənin mühümlüyü, onunla bağlı formalaşan münasibətlərin – ailə münasibətlərinin hüquqi olaraq tənzimlənməsi zəruriyyətini yaradır. Belə ki, tarixən qeyri-hüquqi yollarla tənzimlənən bu münasibətlər müxtəlif dini-fanatik, qeyri-rasional adətlərin təsiri ilə böyük zərər görmüşdür və hazırda hüquq mədəniyyətinin zəif inkişaf etdiyi ölkələrdə bu cür hallar davam etməkdədir. Məhz buna görə də, ailə münasibətlərinin hüquqi tənzimi əhəmiyyətli məsələdir. Bu münasibətləri tənzim edən hüquq sahəsi ailə hüququ adlanır.

Ailə hüququ, ailə münasibətlərinin yaranmasını, inkişafını və bu münasibətlərin xitamını tənzimləyir. Ailə hüququnun tənzimlənmə obyektinə şəxsi qeyri-əmlak münasibətləri və ondan yaranan əmlak münasibətləri daxildir. Hüquq nəzəriyyəsində ailə hüququ müstəqil hüquq sahəsi olaraq qəbul edilsə də, mülki hüquqla əlaqəli sahədir. Buna səbəb bu hüquq sahələrinin tənzim etdiyi münasibətlərin oxşar cəhətləri ilə bağlıdır. Belə ki, ailə münasibətlərində müvafiq qanunvericilikdə boşluq yarandıqda məhz mülki hüquq normaları tətbiq olunur.                  

Milli ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, bu məcəlləyə uyğun olaraq qəbul edilmiş qannvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir.

Müasir dövrümüzdə ailə hüququ üzrə mübahisələr geniş yayılmışdır. Belə bir şəraitdə, yaranmış mübahisələrinin hüquqi həlli dövrümüzün aktual problemlərindəndir. Buna görə də, ailə hüququ üzrə keyfiyyətli hüquqi xidmətə böyük ehtiyac duyulur. Ailə hüququ üzrə həyata keçirilən hüquqi xidmətləri sadalayaq:

 

1.    Nikah müqaviləsinin hazırlanması

2.    Nikaha xitam verilməsi və ya onun etibarsız hesab edilməsi prosesinin hüquqi müşayiəti

3.    Ailə-əmlak mübahisələrinin hüquqi həlli

4.    Uşağın mənşəyinin müəyyən edilməsi və atalığın müəyyən edilməsi prosesinin hüquqi müşayiəti

5.    Valideynlik hüquqlarının məhdudlaşdırılmasının ləğv edilməsi və valideynlik hüquqların bərpası ilə əlaqədar hüquqi yardım göstərilməsi

6.    Aliment almaq hüququnun müdafiəsi

7.    Qəyyumluq, himayəçilik və övladlığa götürmənin həyata keçirilməsində hüquqi yardım göstərilməsi

8.    Ailə hüququ üzrə hüquqi konsultasiyaların keçirilməsi

Valideylərdən biri razı olmadığı halda, yetkinlik yaşına çatmayan şəxsin ölkə xaricinə çıxarılması üçün Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət edilməsi.