TARİX

İbtidai dövr

Azərbaycanda 2 milyon 700 min il bundan öncə başlayaraq eramızdan əvvəl 4-cü minilliyə qədər davam etmişdir. Daş dövrü üç mərhələdən – paleolit dövrü (qədim), mezolit dövrü (orta) və neolit dövründən (yeni daş dövrü) ibarət olmuşdur. Təxminən 700 min il əvvəl insanlar od əldə etməyi öyrənərək, özlərini soyuqdan qorumağa, yemək bişirmək, əmək alətlərini düzəltməyə başladılar. 400-300 min il öncə Azərbaycanda məskunlaşmış ibtidai insanların təkamülündə yeni mərhələ başlanır. Azıx mağarasında aşkar olunmuş ibtidai insan-neandertalın çənə sümüyü (təxminən 350 min il öncə) buna əyani sübutdur. 100-30 min il öncə ölkə ərazisində orta paleolit dövrü yaşanmış və bu ərəfədə qədim insanların ibtidai icma quruluşu formalaşmışdır. Həmin dövr Tağlar mağarasındakı arxeoloji tapıntılar əsasında tədqiq edilmişdir. Bu zaman insanların əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi. Eyni zamanda Azərbaycanda yaşayan insanlar artıq o dövrdə qonşu ərazilərin sakinləri ilə mübadilə xarakterli əlaqələr qura bilmişdilər. 30-10 min il öncə Azərbaycanda paleolit dövrü mövcud idi. İnsanlar artıq yalnız mağara və zağalarda deyil, həmçinin müxtəlif çay vadilərində tikdirdikləri yaşayış məskənlərində məskunlaşmağa başlayırlar. Məhz bu dövrə qəbilələrin formalaşması, ilkin incəsənət və etiqadların(sitayiş,ibadət) yaranması təsadüf edir. Əmək alətləri bu zaman yalnız daşdan deyil, həmçinin müxtəlif heyvan sümüyündən də istehsal edilirdi. Mezolit dövrü Azərbaycanda e.ə. 11–8-ci minillikləri əhatə edir. Artıq bu dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. Yer üzündə ibtidai insanın ən zəngin "muzeylərindən" biri sayılan bu ərazidə altı minəcən qayaüstü rəsm və ona yaxın qədim insan düşərgəsi aşkar edilmişdir. Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları öz əksini tapmışdır. Arxeoloji materiallar və rəsmlər sübüt edir ki, artıq bu dövrdə insanlar ox və kamandan istifadə etməyi bilirdilər. Neolit dövrü Azərbaycanda e.ə. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlu təpədə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. E.ə. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.

 

Qədim dövr

Azərbaycanın ən qədim tayfa ittifaqları haqqında ilk məlumata er.əv. 23-cü yüzilliyə aid şumer-akkad yazılı mənbələrində rast gəlinir. Bu mənbələrdə Azərbaycanda mövcud olmuş kuti, lulubi və hurri tayfa ittifaqları haqqında bəhs edilir. Daha sonra tarixin səhnəsinə hurritlərin ittifaqı gəlir. Hələ e.ə. III minilliyin sonuncu rübündə onların yazısı mövcud olmuşdur. Bu tayfa ittifaqı uzun sürən müharibələr nəticəsində Kiçik və Orta Asiyanın geniş ərazilərini özünə tabe etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycanda kassit tayfaları da mövcud idi. Er.əv. 2 minilliyin əvvəlində kassitlər Babilistanı işğal edərək burada 500 ildən artıq hökmranlıq etmişdilər. Artıq e.ə. 2 minilliyin ikinci yarısında e.ə. 1 minilliyin əvvəllərində ölkədə ibtidai icma münasibətləri süquta yetir və ilk sinfi quruluş quldarlıq formalaşmağa başlayır. E.ə. 9-cu yüzillikdə Urmiya sahillərində ilk Azərbaycan dövləti adlandırıla bilən Manna yaranır. Onun baş şəhəri İzurtu olmuşdur. Dövlətin ən parlaq dövrü hökmdar İranzunun hakimiyyəti illərinə təsadüf edir. Manna dövlətinin Midiya tərəfindən süquta uğradılmasından sonra, Azərbaycan torpaqları ilk öncə Midiyanın, daha sonralar Əhəmənilər və Böyük İsgəndər İmperiyalarının tərkibində olmuşdur. Böyük İsgəndərin İmperiyasının parçalanmasından sonra Azərbayacanın cənubunda Atropatena, şimalında Albaniya dövlətləri mövcud olmuşdur.

 

Orta əsrlər dövrü

Eramızın 3-18-ci əsrləri Azərbaycan tarixində orta əsr və ya feodalizm dövrü kimi məlumdur. Tədqiqatçılar bir qayda olaraq bu dövrü üç əsas mərhələyə bölürlər. 3-10 yüzilliklər erkən feodalizm, 11-15-ci əsrlər klassik feodalizm və 16-18-ci əsrlər son feodalizm dövrüdür. Bu dövrdə təsərrüfatın əsas formaları əkinçilik, heyvandarlıq və sənətkarlıq olmuşdur. Həmin müddət orta əsr şəhərlərinin yüksəlişi və çiçəklənməsi dövrüdür. Onlar həm siyasi və inzibati mərkəzlər olmaqla yanaşı, həm də iqtisadiyyat və ticarətdə, mədəni, elmi və dini həyatda mühüm rol oynayırdılar. 3-7-ci əsrlərdəki Azərbaycan tarixi bilavasitə İran Sasani İmperiyası (224-651) ilə bağlı idi. İslam dininin və bu dinə əsaslanan ilk ərəb dövlətinin yaradılması (630) Azərbaycana da öz təsirini göstərmişdir. Sasanilər İmperiyasını süquta uğradan ərəblər bu imperiyanın tərkibində mövcud olan ölkələri istila etdilər. Ərəblərin Azərbaycandakı hökmranlıq dövrü ölkənin dini mənsubiyyətinin dəyişməsi ilə nəticələndi, əvvəllər əhalinin başlıca dini olan Zərdüştlük dini İslam dini ilə əvəz olundu, bununla Azərbaycan müsəlman coğrafiyasının tərkib hissəsinə çevrildi. Ərəblərin Azərbaycandakı hökmranlıq dövrü ölkədə bir çox üsyanların, o cümlədən dünya tarixində mühüm əhəmiyyətə malik Xürrəmilər hərəkatının meydana gəlməsinə səbəb olmuşdur. Xürrəmilər hərəkatının lideri Babək Azərbaycan tarixinin mühüm şəxsiyyətlərindən biridir. Klassik feodalizm dövrü Ərəb Xilafətinin zəifləməsi və müstəqil feodal dövlətlərinin yaranması ilə müşayiət edilmişdir. 11-ci əsrdə Səlcuq türklərinin Azərbaycanı işğal etməsi, Azərbaycanın Səlcuq İmperiyasının tərkibinə daxil olması ilə nəticələnmişdir. Səlcuqların zəifləməsindən sonra Azərbaycanda yaranmış Eldənizlər dövləti (1136-1225) ölkənin siyasi tarixində olduqca mühüm əhəmiyyət kəsb edən dövlətlərdən biri olmuşdur. Eldənizlərin süqutundan sonra Azərbaycanda monqol hökmranlığı, daha sonra isə yenidən feodal dövlətlər Qaraqoyunlu və Ağqoyunlu dövlətləri mövcud olmuşdur.

 

Azərbaycan Səfəvilər Dövləti - 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə etmiş, Azərbaycan varisi olduğu tarixi Azərbaycan dövləti. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı,Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır. Dövlətin ən qüdrətli hökmdarları Şah İsmayıl Xətayi (1501-1736), Şah I Təhmasib (1524-1576), Şah I Abbas (1587-1629) olmuşdur. Səfəvilər sülaləsinin hakimiyyətinə Nadir şah Əfşar tərəfindən son qoyulmuşdur.

 

Azərbaycan xanlıqları

Səfəvilər dövlətinin süqutu və Nadir şahın hakimiyyətinin qısa müddətli olması, Azərbayacanda mərkəzi hakimiyyətin parçalanmasına, kiçik feodal dövlətlərinin – xanlıqların yaranmasına səbəb olmuşdur. 18-19-cu əsrlər Azərbaycan tarixində xanlıqlar dövrü kimi xarakterizə edilir. Qeyd edilən dövrdə Azərbaycanda Urmiya, Təbriz, Ərdəbil, Talış, Qarabağ, Quba, Şəki, Şamaxı, Bakı və digər xanlıqlar mövcud olmuşdur.

 

Tarixi Azərbaycan ölkəsinin parçalanması

19-cu əsrdə Azərbayacanın qeyri-stabil siyasi vəziyyəti onu işğalçı dövlətlərin hədəfinə çevirmişdi. Azərbayacan torpaqları Qafqazdakı mövqeyini gücləndirmək istəyən Çar Rusiyası və tarixi mövqeyini qorumağa çalışan İran dövlətinin əsas rəqabət meydanına çevrilmişdi. Azərbayacan torpaqlarının ələ keçirilməsi məqsədi ilə Rusiya və İran arasında baş vermiş müharibələr, tarixi Azərbaycanın bir ölkə kimi parçalanmasına səbəb olan Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanması ilə nəticələnmişdir. Bu hadisələrdən sonra Azərbaycanın şimalı Rusiyanın, cənubu isə İranın uzunmüddətli idarəçiliyinə daxil oldu. Şimali Azərbaycanda Rusiya idarəçiliyi 1917-ci il “inqilablar dövrünədək” davam etmişdir.

 

Azərbaycan Demokratik Respublikası (1918-1920)

1918-ci ilin mayın 26-da Gürcüstan ZDFR-dən çıxmasını və müstəqil respublika olduğunu bəyan etdi. Belə şəraitdə mayın 27-də Zaqafqaziya seyminin müsəlman dairəsi Müvəqqəti Milli Şuranın yaradılması qərarına gəlir. Onun başçısı M.Ə.Rəsulzadə seçilir. F.Xoyski başda olmaqla Şuranın Milli Komitəsi yaradılır. 1918-ci ilin mayın 28-də Milli Şuranın ilk iclasında Şimali Azərbaycanın müstəqil dövlət oduğu elan edilir. Qəbul olunmuş və 6 bəndən ibarət İstiqlal Bəyənnaməsində deyilir ki, Azərbaycan Demokratik Respublikası müstəqil dövlət olaraq, ərazisində yaşayan bütün vətəndaşların bərarbər hüquqa malik olduqlarına zəmanət verir və ölkədə yaşayan bütün xalqların azad inkişafını təmin edir. Dövlətin ilk paytaxtı Gəncə şəhəri olur. ADR höküməti Tiflisdən bura iyunun 16-da köçür. Həmin vaxtda birinci Müvəqqəti hökümət təşkil olunur. Fətəli xan Xoyski Nazirlər Şurasının sədri seçilir, eyni zamanda o daxili işlər naziri vəzifəsini də icra edirdi. ADR tarixində cəmi beş hökümət təşkil olunmuşdur. Onlardan üçünə F.Xoyski, ikisinə isə N.Yusifbəyli başçılıq etmişdir. Bu hadisələr zamanı Şimali Azərbaycanda iki siyasi qütb mövcud idi. Mərkəzi Gəncə olan Yelizavetpol quberniyasının ərazilərində ADR dövləti, ölkənin şərq bölgələrində isə bolşeviklər başda olmaqla Sovet hakimiyyəti fəaliyyət göstərirdi. Hələ 1918-ci ilin aprelin 25-də bolşeviklər özlərinin Bakı kommunasını və Bakı Xalq Komissarları Şurasını yaratmışdılar. Bu hökümət Sovet Rusiyasına tabe olub qarşısına ADR-i ləğv etmək məqsədini qoymuşdur. Dövlət müstəqilliyini qorumaq məqsədilə ADR höküməti 1918-ci iyunun 4-də Osmanlı imperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalayır. Osmanlı ordusu Gəncəyə daxil olur. Bundan sonra xüsusi Azərbaycan hərbi korpusu yaradılır. Bu korpus Osmanlı ordusu ilə birgə Qafqaz islam ordusunu təşkil edir. İyul ayında Gəncə üzərinə hərəkət edən Bakkomunanın silahlı dəstəlri həmin ordu tərəfindən bir neçə döyüşdə darmadağın edilir və geri oturdulur. 1918-ci ilin iyulun 31-də Bakı Xalq Komissarları Şurası hakimiyyətdən imtina edir. Şəhərdə hakimiyyət daşnak və menşeviklərdən təşkil olunmuş Sentrokaspi (Mərkəzi Xəzər) diktaturasının əlinə keçir. Lakin artıq sentyabrın 15-də Qafqaz islam ordusu Bakını azad edir. Bunun ardınca şəhərə ADR-in rəhbərliyi də köçür. 1918-ci ilin dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışı olur. Parlament 97 deputatdan ibarət olmuş, onun sədri isə Əlimərdan bəy Topçubaşov seçilmişdir. Beləliklə, ərazisi 98 min km² və əhalisi 2 mln.800 min olan ADR parlament respublikası kimi fəaliyyət göstərməyə başlayır. Ümumiyyətlə mövcud olduğu dövrdə Azərbaycan parlamenti 315 qanun layihəsini nəzərdən keçirmişdir. Bütün bu qanunlar dövlətçiliyin, demokratik milli hakimiyyətin mənafeyinə xidmət edirdi. Lakin ADR düşmən qüvvələrin əhatəsində idi. Artıq 1918-ci ilin payızında Ermənistan Respublikası ərazi iddiaları ilə ADR-ə qarşı təcavüzkar müharibəyə başlayır. Xarici müdaxilədən qorunmaq məqsədilə 1919-cu ilin iyununda Dövlət Müdafiə Komitəsi yaradılır. Beynəlxalq sahədə də ADR müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmağı məqsədilə fəal siyasət yeridirdi. Bu məqsədlə 1919-cu ilin yanvarında başda Ə.M.Topçubaşov olmaqla ADR nümayəndə heyəti Paris sülh konfransının işində iştirak etmişdir. 1920-ci ilin yanvarın 20-də Paris konfransının Ali Şurası ADR-i müstəqil bir dövlət kimi tanıyır. Tezliklə Bakıda ABŞ və Britaniya, Osmanlı imperiyası və Belçika, Yunanıstan və İran, Danimarka və Litva, Fransa və Gürcüstan, İsveçrə və İsveçin diplomatik missiyaları fəaliyyətə başlayır. 1920-ci ilin aprelində ADR ordusunun əsas qüvvələri qərb sərhədlərində erməni təcavüzünün qarşısını almaq məqsədilə cəmləşdirilmişdir. Həmin zaman general A.İ.Denikini məğlub edən Sovet Rusiyasının 11 Qızıl Ordusu Şimali Qafqazdan ADR ərazisinə soxuldu. Respublikada gizli fəaliyyət göstərən bolşeviklər də daxildən silahlı qiyam qaldırmağa hazırlaşırdılar. 1920-ci ilin aprelin 27-də bolşeviklər Bakıda silahlı qiyam qaldırdılar. Dövlətin mühüm strateji obyektləri poçt, teleqraf, neft mədənləri, vağzal və liman onlar tərəfindən ələ keçirildi. Həmin gün 11 Qızıl Ordu Bakıya yaxınlaşdı. Belə şəraitdə ADR parlamenti hakimiyyəti Azərbaycan inqilabi komitəsinə təhvil verməyə məcbur oldu və bununla da ilk Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə son qoyuldu. ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk dünyəvi, demokratik, hüquqi, müstəqil dövlət olmuşdur. Onun qəbul etdiyi siyasi sənədlər və ümumiyyətlə ADR-in varlığı Şərq ölkələrindəki demokratik və azadlıq hərəkatına böyük təsir etmiş, onlar üçün örnək olmuşdur.

 

Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)

1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müsətqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Federasiyası təşkil edildi. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Federasiyasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. İkinci Dünya Müharibəsi (1939-1945) bəşəriyyətin 20-ci yüzilliyində ən ağır və dəhşətli bir dövr olmuşdur. Azərbaycan xalqı bu müharibədə əsl şücaət və əzmkarlıq nümayiş etdirmişdir. Azərbaycanın Sovet dövrü tarixində 1969-cu il dönüş nöqtəsi olur. Bu ilk növbədə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilməsi ilə əlaqədar idi. Artıq həmin ilin avqustunda onun tərəfindən respublikada xalq təsərrüfatına və mədəni quruculuğa rəhbərliyi əsaslı şəkildə yaxşılaşdırmaq, dövlət və əmək intizamını möhkəmləndirmək, kadrların məsuliyyətini artırmaq xətti müəyyən edilmişdir.

 

Üçüncü Respublika (1991)

Yeni tarixi inkişaf mərhələsində Azərbaycan Respublikasının qarşısında dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratiya, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpası, Dağlıq Qarabağ probleminin milli maraqlara uyğun həlli, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi kimi mühüm tarixi vəzifələr dururdu. 1991 və 1992-ci ilin I yarısında ölkəyə rəhbərlik edən şəxslər dünyada və dağılan İttifaq məkanında baş verən siyasi proseslərə, dünya hadisələrinin inkişaf meyllərinə tam zidd siyasət yeridərək, xalqın müstəqillik iradəsinin əksinə gedərək, bütün mümkün vasitələrlə SSRİ-ni qoruyub saxlamağa, daha sonra isə nə bahasına olursa-olsun Azərbaycanın bu qüvvələrin təsir dairəsindən çıxmasına yol verməməyə cəhd göstərirdilər. Azərbaycan Respublkasının müstəqillik əldə etdiyi və suveren dövlət quruculuğuna başladığı ərəfədə, yəni 1991 və 1992-ci illər ərzində Dağlıq Qarabağda vəziyyət gündən-günə gərginləşirdi. SSRİ dağıldıqdan sonra Ermənistan genişmiqyaslı hərbi əməliyyatlara başladı. 1992-ci ilin fevralında Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhərində qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər dinc sakin rus hərbçilərinin köməyi ilə ermənilər tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi. Bundan sonra, 8 mayda ermənilərin Dağlıq Qarabağda azərbaycanlıların dayağı olan Şuşanı işğal etməsi ilə yerli əhali burdan qovuldu. Şuşanın süqutu ilə Dağlıq Qarabağ Muxtar Vilayətində etnik təmizləmə əməliyyatı tamamlandı. 1992-ci il mayın 18-19-da Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın hüdudlarından kənarda olan Laçın rayonunu işğal etdilər. Nəticədə 63 mindən artıq Laçın sakini daimi yaşayış yerlərindən qovuldu. Eyni zamanda, Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycan-Türkiyə sərhədinin strateji əhəmiyyətə malik sahəsinə hücum etdi. Bu müddət ərzində Respublikanın siyasi həyatında da mühüm hadisələr cərəyan etməkdə idi. Xocalı faciəsindən sonra 1992-ci ilin martın 6-da Azərbaycan prezidenti Ayaz Mütəllibov istefaya getməyə məcbur oldu. Həmin il mayın 14-də Mütəllibov yenidən hakimiyyətə qayıtdı, mayın 15-də isə Xalq Cəbhəsi parlamentin binasına hücum təşkil etdi. Mayın 18-də parlament dörd gün əvvəl qəbul etdiyi qərarının qanunsuz olduğunu elan etdi və beləliklə, Mütəllibovun bir daha hakimiyyətə qayıtmaq cəhdləri puç oldu. 1992-ci ilin may-iyun aylarında Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti ələ aldı. Ölkənin prezidenti Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy seçildi. Lakin cəbhədəki uğursuzluqlar nəticəsində 1993-cü ilin yayında Azərbaycanda siyasi vəziyyət gərginləşdi. 1993-cü ilin martın 27-dən aprelin 3-ü müddətində Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu da işğal etdilər. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən iki rayonun işğalı bir daha onu göstərdi ki, ermənilər tərəfindən törədilən bu münaqişə Dağlıq Qarabağın azadlığı uğrunda mübarizə ideyasından xeyli uzaq olaraq, əslində qəsbkar və işğalçı siyasətin davamı idi. 1993-cü illin əvvəlində baş verən bütün bu hadisələr ölkəni dərin siyasi-iqtisadi və sosial böhrana qərq edib iyun ayındakı Gəncə qiyamı ilə nəticələndi. Baş nazir, Milli Məclisin sədri, güc nazirliklərinin rəhbərləri istefaya getdi. Artıq 1993-cü ilin iyun ayında Azərbaycanda dərin siyasi və ictimai bir böhran hökm sürürdü. Hərc-mərcliyin baş alıb getdiyi Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çatdı. 1993-cü ilin iyununda bir qrup Azərbaycan Respublikası Ali Sovetinin deputatının və ziyalıların dəvəti ilə Naxçıvan MR Ali Məclisinin sədri, 1969-1982-ci illərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuş Heydər Əliyev Bakıya gəldi. Heydər Əliyev hələ 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış öncə Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə Respublika Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olmuş, 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Heydər Əliyev 1993-cü ilin iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Yeni hökumət qarşısında respublikanı davamlı böhrandan çıxarmaq, qonşu ölkələrlə pisləşmiş münasibətləri bərpa etmək, iqtisadiyyatı ayağa qaldırmaq, ölkə daxilində sabitliyi təmin etmək, erməni təcavüzünün qarşısını almaq kimi çətin vəzifələr dururdu. Lakin 1993-cü ilin yay-payız aylarında bir-birinin ardınca Dağlıq Qarabağdan kənarda yerləşən Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal olundu. Bu işğallar nəticəsində respublikada qaçqınların sayı bir milyona çatdı. Beləliklə, bu təcavüz nəticəsində Azərbaycan Respublikasının 17 min kvadrat kilometrədək torpağı işğal olundu ki, bu da ölkə ərazisinin 20 faizini təşkil edir. Bu münaqişədə 18000 nəfərdən çox ölkə vətəndaşı həlak olmuş, 50 mindən çox adam yaralanmış və ya əlil olmuşdur. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr(Gəncə) və 1995-ci ilin martında(Qazax-Ağstafa-Bakı) dövlət çevrilişi cəhdlərinə son qoyuldu, ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Bu illərdə milli ordu quruculuğunda ciddi dəyişikliklər başladı. Beyləqan və Füzuli istiqamətində düşmənə əks zərbələr endirilərək torpaqların müəyyən bir hissəsi azad edildi. 1994-cü ilin mayında Ermənistan–Azərbaycan münaqişəsinin həllində ilk mərhələ kimi cəbhə xəttində bu günədək davam edən atəşkəs əldə olundu. Respublika rəhbərliyinin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının respublikaya, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişilməsinə nail ola bildi. ATƏT-in Lissabon zirvə toplantısında (1996) bu beynəlxalq təşkilatın 54 üzvündən 53-ü (Ermənistan istisna olmaqla) Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın milli mənafelərinə uyğun prinsipləri müdafiə etdi. Respublika rəhbərliyi ölkənin iqtisadi potensialını bərpa edərək inkişaf etdirmək məqsədilə iri miqyaslı beynəlxalq sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində çox gərgin fəaliyyəti öz bəhrəsini qısa müddətdə verdi. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin Müqaviləsi" adı almış neft müqaviləsi bağlandı. Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsinə yönəldilmiş bu və digər müqavilələr Azərbaycana yaxın illərdə qoyulacaq xarici sərmayənin 60 milyard dollardan çox olmağını nəzərdə tutur. Bu müqavilələr dəyərli siyasi məna kəsb edir və Azərbaycanın beynəlxalq siyasətində rolunu gücləndirən amil funksiyasını daşıyır. Azərbaycan neftinin dünya bazarına nəqli sahəsində də uğurlu addımlar atılmış, "Bakı-Supsa" boru kəməri tikilib istifadəyə verilmişdir. Strateji əhəmiyyət kəsb edən "Bakı-Tbilisi-Ceyhan" əsas neft ixrac boru kəmərinin tikintisi uğurla həyata keçirilməkdədir. Azərbaycan dövlətinin rəhbərliyinin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında TRASEKA–ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamış, 1998-ci ilin sentyabrında 32 ölkənin və 14 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndələrinin Bakıda keçirilmiş beynəlxalq konfransı proqramın icraçı katibliyinin Bakıda yerləşməsi haqqında qərar qəbul etmişdir. Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldovanı əhatə edən GUEAM birliyinin yaranmasında Respublika Prezidenti Heydər Əliyevin önəmli xidməti olmuşdur. 1995 və 2000-ci illərdə çox partiyalılıq əsasında parlament seçkiləri keçirilmiş, Konstitusiya məhkəməsi yaradılmış, Azərbaycanda ölüm cəzası ləğv olunmuş, ölkə ərazisində bələdiyyələr fəaliyyətə başlamışdır. 1995-ci il noyabrın 12-də yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmuşdur. Məhz Konstitusiya əsasında fəaliyyət göstərən parlament-Milli Məclis və burada qəbul olunmuş qanunlar əsasında Azərbaycanda siyasi, iqtisadi, hüquqi demokratik islahatlar həyata keçirilir. Bu islahatlar ölkə həyatının bütün sahələrini əhatə edir. 1996-cı ilin iyunundan Azərbaycan Avropa Şurasına "xüsusi qonaq" statusu almış, 2001-ci il yanvarın 25-də isə onun tam hüquqlu üzvü olmuşdur. 2001-ci ilin noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli qərarlar qəbul etmişdir.

 

15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyev qalib gəlmişdir. 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.