ADR

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası  və ya  Azərbaycan Xalq Cümhuriyyəti - Azərbaycan xalqının Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası. Paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Cənubi Qafqazda azərbaycanlıların elliklə yaşadıqları ərazilər təqribən 150 min kv. km-ə bərabər idi. 1918-ci ildə Cənubi Qafqazda müstəqil dövlətlər meydana gəldikdə, əzəli Azərbaycan torpaqlarının bir hissəsində Ermənistan Respublikası yaradıldı. AXC Hökuməti, həmçinin, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və keçmiş İrəvan xanlığının paytaxtı olan İrəvanı da ermənilərə güzəştə getməyə və onu yeni yaradılan Ermənistan Respublikasının "siyasi mərkəzi" kimi tanımağa məcbur oldu. Beləliklə, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. km-ni əhatə edirdi. AXC-nin əhalisi 2.8 milyondan çox idi.

Dövlət hakimiyyəti üç qoldan ibarət idi: Azərbaycan parlamenti, Hökumət, məhkəmə hakimiyyəti. Dövlət Parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunmuşdular. İcra hakimiyyəti Hökumətə məxsus idi. Hökumət Parlament qarşısında cavabdeh idi. AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəlliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr, sazişlər bağlamışdı. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqı dağılması nəticəsində, Azərbaycan xalqı Şimali Azərbaycanda dövlət müstəqilliyini yenidən bərpa etdi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 

1918-ci il dövrü:

Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında Akt" qəbul edildi. 1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı və Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgənin qərb hissəsi isə (Gəncə və Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökümətinin hakimiyyəti altında idi. 4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzaladı və bir gün sonra, Türk ordusu Gəncəyə daxil oldu. 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Milli Şuranın müəyyən etdiyi müddət 1918-ci il dekabrın 16-da başa çatırdı. İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi və milli hökumətin təsbit olunması üçün dost Türkiyənin dəstəyinin əhəmiyyətini vurğuladı. Elə həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və islam sivilizasiyasını təmsil edirdi". 27 iyunda Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi. Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən golmiş polkovnik S. Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi.  Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi. Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi. Sonradan döyüşə Böyük Britaniya, Ermənistan və Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kampaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir. Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü. Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu. 7 dekabrda Azərbaycan parlamentinin açılışı oldu. Həmin ay Bakı Fəhlə Konfransı təşkilatı bərpa olundu və ümumi tətil keçirdi. Britaniya generalı Uilyam Montqomery Tomsonun F. Xoyskinin yaratdığı və 1918-ci il dekabrın 26-da parlamentin təsdiq etdiyi hökuməti müttəfiqlər komandanlığın hərtərəfli yardım edəcəyi haqqında bəyanat verdi.

1919-cu il dövrü:

1919-ci il yanvarın 15-də Qarabağ general qubernatorluğu yaradıldı və Azərbaycan Cümhuriyyəti Silahlı qüvvələri Baş Qərargahının təşkili oldu. Fevralın 4-də verilən sorğularda əlaqədar hökumət üzvlərindən daxili işlər naziri Xəlil bəy Xasməmmədov, ərzaq naziri Konstantin Lizqar, ticarət və sənayə nazirinin müavini T.Səfərəliyev çıxış etdilər. Hətta müxalifətin tələbi ilə hökumət başçısı F.Xoyskinin özü do parlament qarşısında çıxış etdi. Buna baxmayaraq Qara bəy Qarabəyov öz fraksiyası adından hökumətin izahatını qeyri-qənaətbəxş hesab ctdi və təklif etdi ki, bir daha ona etimadsızlıq göstərilsin. "Müsavat" fraksiyası, bitərəflər və milli azlıqlar hökuməti müdafiə etdilər. Müsavatçılar müxalifəti bütün məsuliyyəti hökumətin üzərinə yıxmaqda günahlandırdılar. Partiyanın iclasında çıxış edən M.Ə.Rəsulzadə qeyd etdi ki, bez və qorodovoylarla bağlı etimadsızlıq məsələsi qoymaq olmaz. Nəyin bahasına olursa-olsun hökuməti yıxmaq daha çox, Azərbaycan müstəqilliyinin düşmənlərinə sərfəlidir. Fevralın 25-də hökumətin başçısı F.Xoyski səhhətini əsas gətirərək, səlahiyyətlərini təhvil verməsi haqqında bəyanatla çıxış etdi. M.Ə.Rəsulzadənin təklifi ilə parlament bu istefanı müzakirəsiz qəbul etdi. F.Xoyski yeni hökumət yaradılanadək icra hökumətinə rəhbərlik etdi. Yeni hökumətin təşkil olunması, namizədliyi İttihad Partiyasından başqa bütün fraksiyalar tərəfindon müdafiə edilən "Müsavat" fraksiyasının üzvü Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ prezidenti Vudro Vilsonla görüşə bildi. O, azərbaycanlılara cənubi Qafqaz xalqları konfederasiyası ideyasını müzakirə etməyi məsləhət gördü; Millətlər cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi konfederasiya böyük dövlətlərdən birinin himayəçiliyinə ümid edə bilərdi. İyunun 11-də hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar verildi. 1919-cu il iyunun 13-də Bakıda zəhmətkeşlərin ingilis qoşunlarının Azərbaycanda saxlanılmasına qarşı yönəlmiş izdihamlı mitinqi oldu. Bir gün sonra, Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan ərazisində hərbi vəziyyət elan edildi. 27 iyunda "Ərazi bütövlüyünün birlikdə qorunması haqqında" Azərbaycan-Gürcüstan müqaviləsinin Parlament tərəfindən təsdiq olundu. Avqustda Azərbaycan Parlamenti tərəfindən Azərbaycan vətəndaşlığı haqqında qanunun qəbulu oldu. 19 avqustda İngiltərə-İran müqaviləsinə görə İran Azərbaycana olan ərazi iddialarından əl çəkdiyini bəyan etdi və ingilislər Bakını tərk etməyə başladılar. Noyabrın 23-də Tiflisdə Azərbaycan və Ermənistanın tərəflər arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələlərinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması oldu. Dekabrda "Müsavat" partiyasının II qurultayından sonra, Parlament tərəfindən hökumətin yeni tərkibi təsdiq edildi.


1920-ci il dövrü:

Sovet Rusiyası tərəfindən təhlükə getdikcə artırdı. Buna görə də 1920-ci il yanvarın 2-də RSFSR xalq xarici işlər komissarı Georgi Çiçerin ağqvardiyaçı Anton Denikin ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə xarici işlər naziri F.Xoyskiyə göndərdiyi nota, Azərbaycanı Rusiyanın daxili münaqişələrə cəlb etmək və bununla da gələcəkdə Azərbaycanı işğal etmək üçün nəzərdə tutulan siyasi manevrədən başqa bir şey deyildi. Çiçerin notasının əsas məqsədini düzgün başa düşən Azərbaycan xarici işlər naziri F.Xoyski, bu təklifi Azərbaycanın Rusiyanın daxili işlərinə müdaxiləsi kimi qiymətiləndirərək rədd etdi. F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda məhz bu faktı vurğulayırdı ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə yol verə bilməz. Bununla da nazir, müstəqil Azərbaycanın daxili işlərinə qarışmamağı tələb etdi. Yanvarın 11-də Paris Sülh Konfransında Lord Corc Kerzonun təklifi ilə müttəfiqlərin Ali Şurası aşağıdakı məzmunda qərar qəbul Etdi: "Müttəfiq vo birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar".  Az sonra Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Yanvarın 13-də ABŞ-ın Parisdə səfiri Valles Britaniya və Fransanın Azərbaycan və Gürcüstanın müstəqilliyini de-fakto tanıması və onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlumat verdi. Hökumətin siyasətinə qarşı onun bəzi üzvləri də müxalifətçi mövqe tutdular. Əsas mübarizə liberal xəttin tərəfdarı daxili işlər naziri Məmmədhəsən Hacınski ilə radikal tədbirlər tərəfdarı xarici işlər naziri F.Xoyski arasında haş verdi. Radikallar qalib gəldilər və 1920-ci il fevralın 18-do Məmmədhəsən Hacınski daxili işlər naziri vəzifəsindən getdi və "Müsavat" partiyasını üzvü Mustafa bəy Vəkilov daxili işlər naziri təyin edildi. 1920-ci il martın 23-də Əhməd bəy Pepinov nazir səlahiyyətlərindən əl çəkdi. Bu hadisə, vəziyyəti mürəkkəbləşdirdi. Pepinovun ardınca aprclin 9-da digər sosialist nazir Camo bəy Hacınski də istefa verdi. Sosialistlər fraksiyasının üzvlərinin və İttihad nümayəndələrinin getməsi hökumət böhranını kəskinləşdirdi. Hökumətdə qalan müsavatçılar artıq Nazirlər Kabinetinin süqutunun qarşısını almaq iqtidarında deyldilər. Beləliklə, müstəqillik mövqeyindo duran bütün siyasi qüvvələrin səmərəli işbirliyinə bəslənilən ümidlər özünü doğrultmadı. Sovet təhlükəsinə qarşı mübarizə üçün ümumi platlforma hazırlamaq mümkün olmadı, nəticədə Sovet qoşunlarının Azərbaycan sərhədlərinə yaxınlaşması haqqında alınan ilk xəbərlər hökümətin dağılmasına gətirib çıxartdı. XI Ordunun ön dəstələri artıq aprelin 27-ə keçən gecə, Bakıdakı kommunistlərin çıxışlarının başlanmasına qədər, planı əvvəlcədən Serqo Orconikidzenin fəal iştirakı ilə Mixail Tuxaçevski və qərargahın rəisi S.A.Puqaçovun rəhbərliyi altında Qafqaz cəbhəsi qərargahı tərəfindən hazırlanmış Bakı əməliyyatına həyata keçirilməsinə başladı. Qafqaz cəbhəsi komandanlığının 490 No-ü 1921-ci il aprel tarixli direktivinə əsasən XI Ordunun komandanı Mixail Karloviç Levandovski aprelin 27-də Azərbaycan sərhəddini keçməli və ən qısa müddətdə Bakı quberniyası ərazisini tutmalı idi. Aprelin 27-də saat 1-ə 5 dəqiqə işləmiş, Azərbaycan parlamentinə ultimatum verilməsindən 12 saat əvvəl Anastas Mikoyan, Q.Cəbiyev və Qəzənfər Musabəyovun da olduğu "III Beynəlmiləl" zirehli qatarı Samur körpüsündən keçdi və yol boyu qəflətən yaxalanmış azsaylı və pərakəndə Azərbaycan Ordusu hissələrinın müqavimətini qırmaqla Bakıya hərəkət etdi. İki saatlıq qanlı döyüşlərdən sonra zirehli qatarlar Yalama stansiyasını ələ keçirdilər. Stansiyanı 4 top və 10 pulemyotla Quba polkunun 2 alayı, süvari divizionu (300-ə qədər qılınc), jandarm dəstəsi (200 nəfərə yaxın) qoruyurdular. Bu döyüşdə Sovet əsgərlərinin 6 nəfəri öldürüldü və 8 nəfəri yaralandı. Süvari - dağ divizionu (3 top), kürd batalyonunun 2 rotasının (2 top), gücü ilə mühafizə olunan Xudat stansiyası yaxınlığında 1 N-li Azərbaycan zirehli qatarının qırmızı zirehli qatarların irəliləməsini dayandırmaq üçün yeni cəhdi də uğursuzluqla qurtardı. Sovet zirehli qatarlarının hərəkətini gecikdirmək məqsədilə geri çəkilən əsgərlər Xaçmaz stansiyası yaxınlığında körpünü yandırdılar və yol dəyişdiricisini sıradan çıxardılar. Lakin yanğın tezliklə söndürüldü, dəyişdirici düzəldildi və bundan sonra zirehli qatarlar əslində heç bir müqavimətə rast gəlmədən Bakıya hərəkət etdilər. Sonuncu qısamüddətli döyüş Xırdalan və Biləcəri stansiyaları arasında baş verdi və bundan sonra Azərbaycan zirehli qatarı Keşlə, sonra isə Bakı stansiyasından uzaqlaşdı. Aprelin 27-də axşam saat 11-də Biləcəri stansiyası sovet zirehli qatarları tərəfindən tutuldu, səhər saat 4-də isə "III Beynəlmiləl" zirehli qatarı Bakı stansiyasına gəldi. Aprelin 30-da XI Ordunun əsas hissələri şəhərə daxil oldular. Onların irəliləməsi zamanı başda Xəlil Paşa olmaqla yerli əhali içərisində təbliğat aparan və əhalini Qızıl Orduya müqavimət göstərməməyə çağıran türk zabitləri qrupu Sovet qoşunlarına fəal kömək edirdi. Həmin gün 7-ci süvari diviziyasının hissələri Şamaxı və Ağsuya daxil oldular, mayrn 1-də isə Azərbaycan hissələrinin müqavimətini aradan qaldıran sovet zirehli qatarları Gəncə stansiyasını ələ keçirdilər. Mayın 1-də Volqa-Xəzər hərbi donanmasının gəmiləri Bakı limanına daxil oldular. Mayın 3-də və 4-də Lənkəran və Astaraya hərbi dəniz desantlar çıxarıldı. Mayın 5-də XI Ordunun süvari dəstələri Qazaxa, mayın 7-də Yevlax rayonlarına daxil oldular. 1920-ci il mayın ortalarında XI Ordu Azərbaycan Xalq Cümhuriyyətinin, demək olar ki, bütün ərazisini nəzarət altına aldı. Beləliklə, Rusiya müdaxiləsi nəticəsində milli Azərbaycan hökumətinin hakimiyyəti devrildi.