PREZİDENT

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə, 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Evlidir, üç övladı, beş nəvəsi var.

 

Üçüncü Respublika (1991)  tariximizin digər prezidentləri:

Azərbaycan Respublikasının ilk prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib. 1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunur. 1974-cü ildə isə "Bakelektromaş" istehsalat birliyinin müdiri təyin olunur. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilir. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunur. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri eyni zamanda nazirlər şurasının sədr müavini vəzifələrini tutur. 1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib. 1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olmuşdur. 1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər rus ordusunun köməkliyi ilə dəhşətli qətliam törədirlər, azərbaycanlıları soyqırıma məruz qoyurlar (bax: Xocalı soyqırımı). Bu faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olur və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edir. Nəticədə 1992-ci il martın 6-da istefa verir. Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran "Xalq Cəbhəsi"nin təzyiqi altında Ayaz Mütəllibov yeniden istefası barədə sənədi imzalamalı olur və ölkəni tərk edir. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır. Hal-hazırda Azərbaycan Sosial Demokrat Partiyasının həmsədridir. Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edir. Azərbaycan Sosial Demokrat Partiyasının 2012-ci il iyunun 30-da Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov partiyanın həmsədri vəzifəsindən və siyasətdən getdiyini bəyan etmişdir.

 

        Əbülfəz Əliyev (Elçibəy) 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975). 1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək). Əbülfəz Elçibəy 8 iyun 1992-ci ildə Azərbaycan Respublikasının prezidenti seçilmiş, prezidentlik fəaliyyətini 1993-cü ilin iyununadək davam etdirmişdir. Əbülfəz Elçibəy 22 avqust 2002-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində vəfat etmişdir.

 


Azərbaycan xalqının ümumilli lideri, Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyev  1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildə isə sədri vəzifəsinə irəli çəkilmişdir. H.Əliyevə 1967-ci ildə SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən general-mayor rütbəsi verilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik etmişdir. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə (1969-1982) idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması nəticəsində iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edildi. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev SSRİ Ali Sovetinin (8, 9, 10 və 11-ci çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini (1974-1979), RSFSR Ali Sovetinin deputatı (XI çağırış, 1985), Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9, 10 və 12-ci çağırışlar) deputatı və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü (8, 9 və 10-cu çağırışlar) olmuşdur. Sov.İKP MK-nın 1987-ci il oktyabr plenumunda Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən öz ərizəsi ilə istefa verdi. Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün (21 yanvar, 1990-cı il) Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş, Ali Sovetin sessiyalarında fəal iştirak etmişdir. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. Azərbaycan xalqı 1993-cü ilin may-iyununda Gəncə şəhərində Sürət Hüseynovun başçılığı ilə prezident Əbülfəz Elçibəyə qarşı Gəncə qiyamı qaldırılması ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə gətirilməsi ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi, Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend Klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda I Fəxri Xiyabanda dəfn olunmuşdur.